Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 18:09

'Azər Qasımlının yazışmalarını məhkəmə araşdırsa, məlum olacaq ki, ona verilən ittiham uydurmadır'


Azər Qasımlı
Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkili Aqil Layıc deyir ki, indi zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovla müvəkkili arasında yazışmalar, səs yazıları var. Vəkil iyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin danışıqların sübut kimi qəbul edilib araşdırılması üçün vəsatət qaldırıb.

Onun sözlərinə görə, məhkəmə gerçəyin ortaya çıxmasında, ədalətli qərar verməkdə maraqlıdırsa, mütləq bu sübutlar araşdırılmalıdır: "O zaman məlum olacaq ki, Azər Qasımlıya qarşı hədə-qorxu ilə tələbetmə ittihamı tamamilə uydurmadır. O, bir neçə ildir ki, qarşı tərəfdən ona olan borcunu istəyib. Hətta qayda-qanun çərçivəsində məhkəməyə də mülki qaydada şikayət edib. Azər Qasımlını həbs etmək üçün bu məsələdən istifadə olunur".

Müdafiəçi ötən məhkəmə iclasında qaldırdığı məsələni yenidən təkrarlayaraq borcun qaytarılmasıyla bağlı Mingəçevir şəhər Məhkəməsi və Şəki Kommersiya Məhkəməsində olan məhkəmə iclaslarının audio-video görüntülərinin alınmasına dair vəsatət təqdim edib: "Oradakı məhkəmə iclaslarında Qurbanəli Yusifov Azər Qasımlıya borclu olduğunu boynuna alır. İndi necə demək olar ki, Azər Qasımlı onu, ailəsini öldürməklə hədələyib, pul istəyib?".

Vəkilin daha bir vəsatəti də A.Qasımlının məhkəmə iclaslarında şüşə kabinədə yox, müdafiəçilərinin yanında əyləşməsi haqda olub. A.Layıc vurğulayıb ki, A.Qasımlı davranışlarına diqqət yetirən, ziyalı insandır. Onun vəkillərinin yanında əyləşməsi zərurət yarananda müdafiəçiləriylə məsləhətləşib qərar vermələri baxımından da faydalıdır.

Aqil Layıc
Aqil Layıc

Vəkil iki nəfərin - Rəvan Məmmədovla Nəriman İsmayılovun məhkəməyə çağrılıb əlavə şahid kimi dindirilməsi haqqında da vəsatət qaldırıb. Müdafiəçinin sözlərinə görə, onlar bu işlə bağlı bəlli olayların şahidi olublar.

Ötən məhkəmə iclasında A.Qasımlı haqqında cinayət işinə xitam verilməsi, bu olmasa, hökmədək ev dustaqlığına buraxılması barədə də vəsatətlər verilmişdi.

İyulun 2-də Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bir neçə dəqiqəlik müşavirədən sonra elan edib ki, məhkəmə qaldırılmış vəsatətlərdən yalnız iki nəfərin əlavə şahid qismində dindirilməsiylə razılaşır. İttiham tərəfin şahidləri ifadə verəndən sonra onlar məhkəməyə çağrılıb dindiriləcəklər. Digər vəsatətlərdən cinayət işinə xitam verilməsi, ev dustaqlığına buraxılma təmin edilmir. Səs yazıları və mesajların sübut kimi qəbul edilib araşdırılmasına gəlincə, bu vəsatət də baxılmamış saxlanılır.

A.Qasımlının işi məhkəmə baxışına verilib. İyulun 16-da prokurorun ittiham aktını elan edəcəyi, ardınca dindirmələrin başlanacağı gözlənilir.

Xatırlatma

Azər Qasımlı ötən il dekabrın 8-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Politoloq özünü təqsirli bilmir, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun ona pul borclu olduğunu və bunu təsdiqləyən məhkəmə qərarı çıxarıldığını bildirir.

A.Qasımlı həbsini tənqidi fəaliyyəti ilə əlaqələndirir və həbsindən öncə ölkədən çıxışının yasaqlandığına da diqqət çəkir.

XS
SM
MD
LG