Jurnalist xanımların aclığa qoşulduqları deyilir

Ülvi Həsənli

"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamovanın iki gündür aclıq aksiyası keçirdikləri bildirilir. Bu barədə onların yaxınları məlumat verib.

Bildirilib ki, onlar bu qərarı "AbzasMedia"nın direktoru, Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürüldükdən sonra aclıq aksiyasına başlayan Ülvi Həsənliyə dəstək olaraq veriblər.

"Ülvi Həsənlinin qanunsuz olaraq Umbakı həbsxanasına köçürülməsinə etiraz edirlər. Onun Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər. Onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb", - yaxınları qeyd edib.

Yaxınları habelə deyir ki, jurnalistlər S.Vaqifqızı və E.Qasımova aclıq aksiyası ilə bağlı telefon zəngində ailələrinə məlumat verən kimi zəng kəsilib.

Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "AbzasMedia işi" üzrə həbs olunanlar barəsində 7-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxarılmış jurnalistlərdən bəziləri (o cümlədən AzadlıqRadiosunun jurnalisti Fərid Mehralizadə) saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürülüblər.

1 iyul

Ülvi Həsənlidən xəbər var

İyulun 1-də vəkil Zibeydə Sadıqova "AbzasMedia"nın direktoru Ülvi Həsənli ilə onun saxlandığı Umbakı həbsxanasında görüşüb. Həsənli vəkilinə iyunun 26-dan cərimə kamerasında saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisinin 77 kiloqramdan 71 kiloqrama düşdüyü vurğulanır.

Ailəsinin bildirməsinə görə, iki təcridxana əməkdaşı Həsənliyə qarşı zorakılıq tətbiq edib, itələyərək paltarlarını cırıblar: "Bu zaman Ülvi çarpayıya dəyib və ayağından xəsarət alıb".

Ailəsi hazırda da onun bədənində xəsarət izlərinin qaldığını qeyd edib.

Müdafiə tərəfi məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib.

Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən, bir qayda olaraq, deyirlər ki, məhkumlarla qanunlar çərçivəsində davranırlar.

Ü.Həsənli onun haqqında verilən hökm qanuni qüvvəyə minənədək Bakı İstintaq Təcridxanasında saxlanılmalı olduğu halda, Umbakı həbsxanasına köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başladığını açıqlayıb.

30 iyun

Ülvi Həsənli aclıq aksiyası keçirdiyini deyib

"AbzasMedia"nın direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə o, iyunun 30-da yaxınları ilə telefon danışığında məlumat verib.

Yaxınlarının sözlərinə görə, Həsənli bildirib ki, beş gündür aclıq aksiyası edir.

"Ülvinin səsi çox pis gəlirdi. Dedi ki, beş gündür aclıq edir. Ona heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib", - Ü.Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib.

Jurnalistin xanımı əlavə edib ki, Ülviyə balaca körpələrinin olmasına baxmayaraq, ailəsiylə görüşə icazə verilməyəcəyi bildirilib, səbəb kimi də rəsmi nikahlarının olmaması göstərilib.

R.Quliyevanın dediyinə görə, Həsənliyə həbsxanaya köçürüləndən heç bir şəxsi əşyası verilməyib, beş gündür geyimini belə dəyişməyib.

Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Bundan öncə isə jurnalistin ailəsi ondan beş gündür xəbər alınmadığını açıqlamışdı. Bildirilirdi ki, Həsənli iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Yaxınlarının verdiyi məlumata görə, Ü.Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda, aclıq aksiyasına başlayacağını bildirib. Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (karser) salınmasından narahatdır.

Yaxınları hesab edirlər ki, həmin iş üzrə həbs olunan jurnalistlərin hökmləri qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürülməsi qanunsuzdur.

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki 7 jurnalistə iyunun 20-də hökm oxunub. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz AbsalamovaElnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.

"AbzasMedia" işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.