Ermənistan parlamenti həbsdə olan milyarder Samvel Karapetyana məxsus "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsini nəzərdə tutan qanun layihəsini 65 lehinə, 27 əleyhinə səslə ikinci oxunuşda qəbul edib. Müxalifət bunu şirkətin Karapetyanın əlindən almaq üçün edildiyini iddia edir.
Müxalifətdən olan parlamentarilər müzakirələr zamanı sual edib ki, hökumət bu prosesin Ermənistan vətəndaşlarına nə qədər baha başa gələcəyini hesablayıbmı?
İyulun 2-də parlamentin İqtisadi məsələlər komitəsində layihənin üç saata yaxın qızğın müzakirəsi zamanı infrastruktur naziri David Xudatyan heç bir hesablamanın aparılmadığını gizlətməyib: "Bütün bunlar nəyə başa gələcək? Aydın bir qiymətləndirmə proseduru var, ancaq əmlakın, öhdəliklərin və s. qiymətləndirilməsi həyata keçirilməyənə qədər onun dəyərinin nə olacağı təxminlərdən ibarətdir".
Müxalifətin siyasi təqiblərlə bağlı iddialarına cavab olaraq Ermənistan hökuməti bildirib ki, proses Karapetyanın kilsənin qorunması ilə bağlı məlum bəyanatından əvvəl başlayıb, baş nazir mayda bu barədə göstəriş verib.
Karapetyan ailəsi isə bildirir ki, hökumət şirkətə qarşı "qaydasız mübarizə" aparır və bu, eyni şəkildə davam edərsə, onlar Ermənistana qarşı arbitraj prosesi başladacaq.
+++
S.Karapetyan 2015-ci ildə "Inter RAO"dan alınmış "Ermənistan Elektrik Şəbəkələri" ASC-ni Kiprdə qeydiyyatdan keçmiş "Liormand Holdings Limited" şirkəti vasitəsilə idarə edir. İyunun 30-da işadamının ailəsi Ermənistan hökumətini investisiya mübahisəsinin başlanması barədə xəbərdar edib. Bu, Ermənistan və Kipr hökumətləri arasında investisiyaların təşviqi və qorunması haqqında sazişə əsaslanır və investorlara dövlət tərəfindən hüquqları pozularsa, beynəlxalq arbitraja müraciət etmək hüququ verir.
"Tashir Group"un ofisində axtarış aparılıb
Ermənistan İstintaq Komitəsi saxlanılan S.Karapetyana məxsus "Tashir Group"da nə məqsədlə axtarışın aparıldığı barədə detallı məlumat verməyib. Yalnız bildirilib ki, komitədə araşdırılan cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.
Karapetyan Rusiyada "Tashir" şirkətlər qrupuna və "Rio" ticarət mərkəzləri şəbəkəsinə sahibdir. "Forbes" jurnalı bildirir ki, o, Rusiyadakı milyarderlər siyahısında 44-cü yerdədir və sərvəti 3.2 milyard dollar qiymətləndirilir. O, iyunun 17-si axşam saatlarında evində axtarış aparıldıqdan sonra saxlanılıb, növbəti gün isə Karapetyana qarşı Ermənistanda hakimiyyətin ələ keçirilməsinə çağırış ittihamı irəli sürülüb.
Milyarderin həbsi onun Ermənistan baş naziri ilə polemikası fonunda baş verib. Ermənistan Apostol Kilsəsini tənqid edən baş nazir Paşinyan katolikos II Qaregini vəzifəsini tərk etməyə çağırıb. Ermənistan Apostol Kilsəsi bəyanatla çıxış edərək Paşinyanı kilsəyə qarşı kampaniya aparmaqda ittiham edib. Karapetyan kilsəni dəstəkləyərək bildirib ki, "əgər siyasətçilər uğursuz olsalar, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik".