Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş səfiri Gül Həsən etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkoya təqdim edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Bununla da Rusiya bir çox ölkələrdə terror təşkilatı kimi tanınan "Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkədir. "Taliban"a Rusiyada da uzun müddət qadağa qoyulsa da, 2024-cü ilin dekabrında Dövlət Duması "Taliban"ın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun qəbul edib. Aprelin 17-də isə Rusiya Federasiyasının Ali Məhkəməsi "Taliban"ın Rusiyadakı fəaliyyətinə qadağanı ləğv edib.
Moskvadakı Əfqanıstan səfirliyinin binasında "Taliban" Əfqanıstanının dövlət bayrağı asılıb.
İyulun 3-də Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi ilə görüşüb. Görüşdə rusiyalı diplomat təmsil etdiyi hökumətin Əfqanıstan İslam Əmirliyini rəsmən tanıması qərarını qarşı tərəfə çatdırıb.